İşçilər nə istəyir?
“Vaxtında maaş alırlar, yaxşı iş şəraitləri var, amma yenə də işçiləri saxlaya bilmirəm. İşçilər nə istəyir?”
Yəqin ki bu ifadə ilə çox rastlaşmısınız. Rəhbərlər tez-tez işçilərin işdən çıxması ilə bağlı müxtəlif formalarda öz narahatlıqlarını bildirirlər. Yaxşı işçiləri işdə uzun müddət saxlamaq hər bir rəhbərin istəyidir və bu çox normaldır. Əsas məqam isə rəhbərlər bunu nə qədər bacara bilir və həmin işçiləri saxlamaq üçün nələr edir.Gəlin əvvəlcə yaxşı işçilərin uzun müddət biznesdə qalmasının bizə nə verdiyinə baxaq.
1. Daxili prosesləri və müştəriləri yaxşı tanımaqla mövcud biznesi daha yaxşı anlayır.
2. Adaptasiya mərhələsini keçdiyi üçün artıq öz bilik və təcrübələrini biznesə dəyər qatmaq üçün ən optimal şəkildə istifadə edə bilir.
3. Biznes işçiyə sərf etdiyi investisyanı artıq geri götürməyə başlayır. İnvestisya dedikdə burada işçinin işə qəbul və adaptasiya dönəmindən başlayaraq onun inkişafı üçün sərf olunan bütün enerji və maddi vəsaitlər nəzərdə tutulur.
4. Biznesin daxilində və müştərilərlə kommunikasiyanı yaxşı bacarır, hər biri ilə müəyyən münasibəti formalaşmış olur. Məhz bu faktorlar da istər daxildəki problem və konfliktlərin həllində və işlərin düzgün deleqasiyasında, istərsə də müştərilərin loyallığının artırılmasında mühüm rol oynayır.
5. Yeni işçilərin yetişdirilməsində mühüm iş görür və biznesdə “role model” olaraq onlar üçün nümunədir.
Bu siyahını daha da uzatmaq olar, amma əsas məqamları düşünürəm ki qeyd edə bildim.
Bəs nə etməliyik? Əslində qısa cavab versəm deyərdim ki, məsələyə hərtərəfli və sistematik yanaşma lazımdır. Reallıq da odur ki, bütün bizneslərin belə yanaşma etmək üçün kifayət qədər resursları yoxdur. O zaman, biznes məcburi seçimlərə getməli və ən önəmli məqamlardan başlamalıdır. Bəs işçilər üçün ən önəmli məqamlar nədir?
İlk növbədə analamalıyıq ki, işçi kütləsinin əksəriyyəti inkişaf etmiş ölkələrdə 25-54 yaş arası insanlardır. Azərbaycan isə inkişaf etməkdə olan ölkə olduğu üçün bu rəqəmlər daha aşağı düşür. Məsələn, 20-39 yaş arası insanlar işçi qüvvəmizin 55%-ni təşkil edir (2022-ci ilin statistik məlumatlarına əsasən).Yəni, gənclər və cavanlar.
Əminliklə demək olar ki, bu yaş kateqoriyasında olan işçi qüvvəsinin əsas istəklərindən öndə gələnləri karyera yüksəlişi, sistematik əmək haqqı artımı, özünü inkişaf etdirmə imkanı kimi amillərdir. Bizneslər də ilk növbədə məhz bu amillərə fokuslanmalıdır. Əmək haqqı sistemi qaydasındadırmı? Əməkdaşların inkişafı üçün nə edirik? Bunlar üçün sitsematik yanaşmamız və qaydalarımız varmı? Təbii ki, qeyd etdiyim kimi bunlarla iş bitmir, amma ilk toxunulası məqamlar kimi bu faktorlara diqqət yetirmək lazımdır.
“İşçilər nə istəyir” mövzusunu növbəti bloqlarda davam etdirəcəyəm. Hələlik.