İşçilər Nə İstəyir? – Əmək Haqqı Sistemi və Karyera Yolu

Əvvəlki bloq yazımda yaxşı işçiləri şirkətə cəlb etmək və onları uzun müddət saxlamaq üçün əsas faktorlardan birinin əmək haqqı sistemi olduğunu vurğulamışdım. Bu yazıda isə əmək haqqı artımları və işçilərin karyera inkişafı ilə bağlı bəzi əsas məsələlərə toxunacağam.

İşçilər və onlara yanaşma

Bir çox rəhbərdən “Mən onu işə götürəndə çox ehtiyacı var idi və heç bir təcrübəsi yox idi. İşi öyrəndikdən sonra isə çıxdı” kimi şikayətlər eşidirəm. Bu fikirdə olan rəhbərlərə demək istəyirəm ki, burada qəribə heç nə yoxdur. İşçi zamanla inkişaf edir, böyüyür və bazarda dəyər qazanmağa başlayır. Ona əvvəllər olduğu kimi ehtiyaclı və təcrübəsiz bir şəxs kimi yanaşmaq, onun işə olan marağını azaldacaq.

Əmək haqqı artımları və komandanın münasibəti

Başqa bir şikayət isə “Birinin maaşını artırdıqda, digər işçilər xəbər tutub narazı olur və ya onlar da artım istəyir. Sanki işçilər bir-birinə paxıllıq edirlər” kimi məsələlərdir. Əslində, bu vəziyyət tamamilə normaldır və insanların təbii bir reaksiyasıdır. Hər kəs öz işinin qiymətləndirilməsini istəyir və bu, əmək haqqı artımları zamanı tez-tez qarşılaşılan bir problemdir. Bəs bu hallardan necə qaça bilərik?

Karyera yolu və sistemli əmək haqqı artımı

İlk növbədə, işçilərə karyera yolu göstərmək çox vacibdir. İşçi anlamalıdır ki, onun qarşısında 3-5-7 illik bir inkişaf planı var. Hər bir işçi öz inkişafı və əmək haqqının artımı  planını görmək ı və bunun nə zaman və hansı şərtlərlə baş verəcəyini bilmək istəyir. Əgər bu yolda işçilərə rəhbərlik etmirsinizsə, şirkətiniz onlar üçün bir “qaranlıq otaq” olacaq və onlar ən qısa zamanda daha “işıqlı” bir yer tapıb, sizi tərk edəcəklər.

Şirkətə sadiqlik və bazar dəyəri

Əvvəlki illərlə müqayisədə iş dünyasında “ışıq” olan daha çox yer var. Yaxşı işçilər artıq özlərini inkişaf etdirə biləcək imkanlar tapmağa daha rahat nail ola bilirlər. Bu durumda əgər bir işçi sizin şirkətinizdə qalıb heç yerə getmirsə, demək ki, onun bazar dəyəri çox yüksək deyil.

Şirkətə sadiq işçilər tapmaq bir qədər çətindir, çünki əslində sadiqlik anlayışı bir qədər dəyişib. Artıq şirkətə “bağlı” işçilər var, amma yaxşı işçiləri şirkətə bağlayan əsas amillərdən biri də məhz  sistemli əmək haqqı artımlarıdır.

Əmək haqqı artımı: qaydalar və sistem

Əmək haqqı artımlarını xahişlər və müraciətlər əsasında deyil, qaydalar və sistem əsasında həyata keçirmək vacibdir. Əslində, rəhbər deyil, məhz bu sistem və qaydalar əmək haqqı artımını tənzimləyir. Bu yanaşma həm rəhbərin yükünü azaldır, həm də işçilərin motivasiyasını yüksəldir.

Nəticə

Nəticə olaraq, yaxşı işçiləri cəlb etmək və onları saxlamaq üçün əmək haqqı artımlarını sistemli şəkildə təşkil etməli, onlara aydın bir karyera yolu göstərməli və şirkətə bağlılıqlarını artırmalıyıq. Bu yanaşma işçilərin yalnız motivasiyasını deyil, həm də məhsuldarlığını artıracaq.